Ümumi məlumat

Azərbaycanda ağciyər xəstəlikləri əleyhinə mübarizənin təşkili

Azərbaycanda tibb elminin, o cümlədən ağciyər xəstəlikləri və vərəm əleyhinə mübarizənin elmi əsaslarının qurulması 1919-cu ildə Baki Dövlət Universitetinin yaradılması və onun nəzdində tibb fakültəsinin açılması ilə sıx bağlıdır. Vərəmin respublikada yayılmasını nəzərə alaraq, onun əleyhinə mübarizəni gücləndirmək, profilaktika, müalicə tədbirlərini hazırlamaq, ftiziatriyanın inkişafına təkan vermək məqsədi ilə Xalq Komissarları Sovetinin 16 may 1944-cü il tarixli 761 №-li qərarı və Azərbaycan xalq səhiyyə komissarının 31 iyul 1944-cü il tarixli sərəncamı ilə Bakı şəhərində ET Vərəm İnstitutu yaradılır (müdiri t.e.n. Əhməd Cəbrayil oğlu Nurməmmədov).

Azərbaycanda ağciyər xəstəlikləri əleyhinə mübarizənin təşkili

İlk dövrlərdə ET Vərəm İnstitutunda “Vərəmin müharibə dövründə klinik gedişi”, “Hərbçilər arasında vərəmin yayılması, “Yerli əhali arasında sümük-oynaq vərəminin, limfadenitin yayılması”, “Vərəmin müharibə dövründə patomorfoloji xüsusiyyətləri” kimi problemlər öyrənilir (professor P. İ. Blişenko, professor Q. Səlimxanov, V. Abdullayevin tədqiqatları). ET Vərəm İnstitutunda yeni müalicə metodları tətbiq olunmağa başlayır. Bu dövrdə respublikada doğulan uşaqlar arasında vərəm əleyhinə kütləvi peyvənd edilir. Əhali arasında sanitariya-maarif işləri genişləndirilir. 1971-ci ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin I katibi Heydər Əliyevin təşəbbüsü ilə ET Vərəm İnstitutunun yeni binası inşa olunur və istifadəyə verilir.

1971-ci ildə institutda artıq onlarca səmərələşdirici təklif, bir necə elmi ixtira qeydə alınır, monoqrafiya, metodik tövsiyələr və təkcə Azərbaycan və SSRİ də deyil, eyni zamanda xarici ölkələrdə çoxlu məqalələr dərc olunur. İnstitutunun əməkdaşları xarici ölkələrə məruzələr, təcrübə mübadiləsi üçün ezam olunurlar. 90-ci illərdə artıq ET Vərəm İnstitutunun alimləri dünyanın tanınmış elmi mərkəzləri ilə geniş əməkdaşlıq edirlər və inkişafda olan elmi məktəbin nüfuzu getdikcə artır. İnstitutun nailiyyətləri göz qabağında idi. Aparılan genişmiqyaslı tədqiqatlar nəticəsində məlum olur ki, respublikamızda təkcə vərəm yox, bronx-ağciyər xəstəlikləri də geniş yayılmışdır (1:12 nisbətində). Bu tədqiqatların nəticələri əsasında təklif edilmişdir institutun ET Ftiziatriya və Pulmonologiya İnstitutu adlandırılması təklifi irəli sürülür.