Mingəçevirdə vərəmlə mübarizə üzrə əyani treninq keçirilib
Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin “Elmi-Тədqiqat Аğciyər Хəstəlikləri İnstitutu” PHŞ-in təşkilatçılığı ilə “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” adlı növbəti əyani treninq Mingəçevir şəhərində keçirilib.
Təlimdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası ilə yanaşı, Yevlax, Ağdaş, Goranboy və Göyçay rayon mərkəzi xəstəxanalarının həkimləri iştirak edib.
Treninqdə aşılış nitqi ilə çıxış edən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, Vərəmlə mübarizə üzrə Milli Proqramın rəhbəri t.ü.f.d. İradə Axundova Azərbaycanda vərəm üzrə epidemioloji vəziyyət və ölkədə vərəmə qarşı aparılan tədbirlər barəsində məlumat verib.
Vurğulanıb ki, dövlətimiz tərəfindən digər sahələrlə yanaşı səhiyyə sistemində aparılan köklü islahatlar da vərəm xəstəliyinin yayılmasının qarşısını almaqda əhəmiyyətli rol oynamaqdadır. Bu səbəbdən son illər mövcud göstəricilərdə ciddi irəliləyişlər izlənilir. Qeyd olundu ki, növbəti illərdə daha yaxşı nəticələr əldə etmək planlaşdırılır. Bunun üçün ölkənin səhiyyə sistemində çalışan həkimlərlə, tibb işçilərilə birlikdə daha diqqətli və dəqiq çalışmaq zəruridir.
Təlimin gedişatında həkimləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb. Treninqin səmərəliliyini artırmaq məqsədilə iştirakçılara vərəmlə mübarizədə ilkin səhiyyə xidməti müəssisələrinin fəaliyyətinə rəhbərlik haqda metodik vəsait və mövzu ilə bağlı məlumat verilib.
Qeyd olunmalıdır ki, treninqlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş "2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın müalicə-profilaktika müəssisələrində çalışan tibb işçiləri üçün vərəmin aşkarlanması və müalicəsi üzrə treninqlərin təşkili bəndinə uyğun olaraq ilkin səhiyyə xidməti müəssisələrində çalışan həkimlər üçün təşkil edilir. Tədbirlər Proqramı çərçivəsində müxtəlif vaxtlarda keçirilən təlimlərə respublika ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin əməkdaşları cəlb olunur.